Rəssamlıqda german-skandinav mifologiyası


Əvvəlki məqaləmizdə german-skandinav mifologiyası haqda danışmışdıq. Bu gün isə sizinlə həmin məqalənin ardı olaraq german-skandinav mifologiyasının rəssamlığa təsirləri haqqında danışmaq istəyirəm.

Əvvəlcə onu bildirim ki, german-skandinav mifologiyasının incəsənətə çox böyük təsiri var. Rəssamlar da qədim və sirli mifoloji mənbələrdən sonsuz ilham alırlar. Skandinaviya mifologiyası müxtəlif tanrılar, qəhrəmanlar, epik hadisələr və fantastik varlıqlar boldur. Bu da rəssamları geniş bir mənbə ilə təmin edir. Özündə tarixi və mədəni mənbələrin xəlitəsini ehtiva edən bu mifologiya rəssamlar üçün sonsuz inkişaf və yaradıcılıq imkanları təqdim edir. 


İndi isə gəlin german-skandinav mifologiyasının əzəmətindən təsirlənən bir neçə rəssamla tanış olaq: 


Artur Rekem. İngilis rəssam Rekem fantastik və xalq nağıllarına aid illüstrasiyaları ilə tanınır. Xüsusilə skandinav mifologiyasından ilham alaraq çəkdiyi illüstrasiyalar, Qrimm nağıllarına bənzər bir atmosferə malikdir.


Yon Bauer. İsveçli rəssam Bauer eynilə Artur Rekem kimi skandinav mifologiyasından təsirlənərək Qrimm nağıllarına bənzər bir atmosferə malik illüstrasiyalar çəkib. Skandinaviyalı bir rəssam olaraq Bauerin Skandinaviya təbiətini, mədəniyyətini, adətlərini nağılvari təsvir etməsi bu əsərlərə xüsusilik qatıb. 


Teodor Kittelsen. Norveçli nağıl rəssamı Kittelsen Skandinav mifolojiyasından və Norveç nağıllarından təsirlənərək təbiəti və fövqəltəbii varlıqları həm gizli və bir qədər də qorxulu tərəfləri, həm də ecazkar tərəfləri ilə özünəməxsusluqla təsvir edib.


Yohan Egerkrans. İsveçli rəssam Egerkrans skandinav mifologiyasına və əfsanələrinə həsr olunan sənət kitabı ilə tanınır. İllüstrasiyaları, əsasən, ötən məqaləmizdə də bəhs etdiyimiz kimi Odin, Tor, Freya kimi tanrıları və mifoloji varlıqları əhatə edir.

Maks Ernst. Alman sürrealist rəssam Ernstin işləri arasında Skandinaviya tanrılarının və əfsanəvi varlıqların təsvirləri də var. Bu əsərlər Ernstin mistik və sürreal üslubunu əks etdirir, şüuraltı düşüncələri və yuxu dünyasını ön plana çıxarır. "The Robing of the Bride" əsəri onun bu mövzuda tanınmış işlərindən biridir.


Kaspar David Fridrix. Alman romantizminin məşhur rəssamlarından biridir. O, əsasən mənzərə rəsmləri ilə tanınır və əsərlərində skandinav mifologiyasının təsirlərinə də rast gəlmək olar. Fridrixin rəsmlərində tez-tez təbiətin gücü və böyüklüyü vurğulanır. Bu da skandinav mədəniyyətində təbiətə olan dərin ehtiramdan irəli gəlir. Onun "The Sea of Ice""The Chasseur in the Forest" kimi əsərləri bu üslubun gözəl nümunələridir. Fridrixin əsərləri romantizm dövründə təbiət və insan arasında əlaqəni araşdıran elmi və fəlsəfi düşüncələri əks etdirir.


Arnold Böklin. Alman rəssam A.Böklin daha çox simvolizm hərəkatının öncüllərindən biri kimi tanınır. Böklin, skandinav və german mifologiyası ilə əlaqəli rəsmlər də çəkmişdir.


Onun ən məşhur əsərlərindən biri "Toteninsel" adlı beş fərqli versiyada çəkilib. Bu rəsm əsəri, ölüm və axirət mövzularını əhatə edir və mifoloji təsirləri özündə cəmləşdirir. Böklinin digər əsərləri arasında german və skandinav mifologiyasının müxtəlif elementlərini əks etdirən kompozisiyalar mövcuddur. O, tez-tez təbiət səhnələri və fantastik varlıqları birləşdirərək mistik və simvolik mənzərələr yaradırdı. "Der Kentaur und die Nymphe" german və skandinav mifologiyasındakı fantastik varlıqların təsviridir. Rəsmdə bir kentavr və nimfa görünür. Bunlar təbiət qüvvələrini və insanın təbiətlə olan əlaqəsini simvolizə edir.


Alman və Skandinaviya mifologiyalarında yer alan zəngin və rəngarəng obrazlar, hekayələr və simvollar bir çox rəssama ilham qaynağı olub. Məsələn, Odin, Tor, Loki kimi tanrılar və onların macəraları, Yormunqandr və Fenrir kimi bədheybətlər, Valhalla və İqqdrasil kimi məkanlar rəssamların əsərlərində tez-tez yer alır. 


Poetik cəhətdən baxdıqda isə bu mifologiyalar insanların təbiətlə, tale ilə və ölüm-dirim mübarizəsi ilə bağlı düşüncələrini əks etdirir. Bu poetik fikirlər rəssamlıqda

insanın kainatdakı yerini, qəhrəmanlıq, fədakarlıq və faciəvi taleləri təsvir etmək üçün istifadə olunub. 


Çalışdım ki, qısaca məlumat verim. Davamı olacaq...


Mənbələr:

1. Art.com

2. Britannica.com


Nabat Fərzəliyeva


Comments

Sizin üçün maraqlı ola bilər

Kölgələri yaradan obyektdir, ya dolayı yolla günəşin varlığı?

Anna Anker "Qüssə"